Azərbaycanın sağlamlıq turizmi imkanları Qazaxıstanda təqdim olunub
Azərbaycanın Qazaxıstandakı səfirliyində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti ilə Qazaxıstanın turizm şirkətlərinin nümayəndələri arasında görüş keçirilib.
Görüşdə AHİK-in “Kurort” QSC-nin baş direktoru Çingiz Hacıyev Azərbaycanın sağlamlıq turizmi sahəsində imkanları barədə məlumat verib.
Qazaxıstanlı turizm şirkətlərinin nümayəndələrinə AHİK-in sağlamlıq mərkəzlərində yaradılmış şərait, tibbi avadanlıqlar, göstərilən xidmətlər və təbii müalicə üsulları barədə məlumat təqdim olunub. “Naftalan” müalicə şöbəsi, “Şıxov”, “Bilgəh”, “Abşeron”, “Günəşli” sağlamlıq mərkəzləri və “Buzovna” fizioterapiya mərkəzinin imkanları diqqətə çatdırılıb.
Bundan əlavə, “Kurort” Turizm İnformasiya Mərkəzinin fəaliyyəti, yollayışların elektron qaydada rəsmiləşdirilməsi və “e-ahik” elektron bronlaşdırma platformasının imkanları barədə məlumat verilib.
Tədbirdə Azərbaycanın sanatoriya-kurort potensialı və sağlamlıq mərkəzlərinin fəaliyyəti ilə bağlı videomateriallar nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.
Görüşdə Azərbaycanın sanatoriya-kurort imkanlarının Qazaxıstan bazarında tanıdılması, turizm şirkətləri ilə əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Mənbə: anews.az