Ötən ay 22 klinika və 3 plastik cərrah inzibati məsuliyyətə cəlb olunub
Ötən ay Azərbaycanda 22 klinika və 3 plastik cərrah barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib.Analitik Ekspertiza Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, aşkarlanan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib olunub.
Yoxlamalar zamanı sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti göstərilməsi, lisenziyada nəzərdə tutulmayan fəaliyyət növlərinin həyata keçirilməsi, yararlılıq müddəti bitmiş və ya dövlət qeydiyyatından keçməmiş dərman vasitələrindən istifadə, yoxlamaya maneçilik törədilməsi və lisenziyasız tibbi fəaliyyət kimi hallar aşkarlanıb.
Bundan əlavə, 2 ümumi cərrah və 1 üz-çənə cərrahının ixtisasına uyğun olmayan plastik cərrahiyyə əməliyyatları apardığı müəyyən edilib. AEM bu faktların İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə qiymətləndirildiyini və hər bir hal üzrə ayrıca protokol tərtib olunduğunu bildirib.
Mərkəzin məlumatına görə, aşkarlanan pozuntularla bağlı inzibati tədbirlər görülür və yoxlamaların nəticələri müvafiq icra strukturlarına təqdim edilir.
Mənbə: anews.az