Image

Ali Məhkəmə vətəndaşın xəbəri olmadan rəsmiləşdirilən onlayn kreditlərlə bağlı izah verib

 

Ali Məhkəmə vətəndaşın xəbəri olmadan onun adına rəsmiləşdirilən onlayn kreditlərlə bağlı hüquqi izah verib və belə hallarda kredit müqaviləsinin avtomatik olaraq etibarsız hesab edilmədiyini açıqlayıb. 

Məhkəmənin məlumatına görə, rəqəmsal bank xidmətlərinin genişlənməsi ilə onlayn kreditlərin rəsmiləşdirilməsi zamanı yeni hüquqi risklər də yaranıb. Qanunvericilik banklara məsafədən bank hesabı açmağa və kredit müqaviləsi bağlamağa imkan verir. Bu zaman gücləndirilmiş elektron imza, videozəng, üz tanınması, birdəfəlik təsdiq kodu (OTP) və digər identifikasiya vasitələrindən istifadə edilə bilər.

Ali Məhkəmə bildirib ki, bəzi hallarda üçüncü şəxslər vətəndaşların fərdi məlumatlarını əldə edərək onların adından kredit rəsmiləşdirir və vəsaiti öz hesablarına köçürürlər. Bəzi hallarda isə vətəndaşlar OTP kodlarını, bank tətbiqinə giriş məlumatlarını və ya biometrik məlumatlarını digər şəxslərlə paylaşırlar.

Məhkəmə vətəndaşlara FIN kodu, şəxsiyyət vəsiqəsi məlumatları, SMS təsdiq kodları və bank tətbiqinə giriş məlumatlarını üçüncü şəxslərlə paylaşmamağı, bank bildirişlərini və hesablarını mütəmadi yoxlamağı, mobil nömrə dəyişdikdə bankı məlumatlandırmağı tövsiyə edib.

Vətəndaşın xəbəri olmadan onun adına kredit rəsmiləşdirildiyi halda isə banka və hüquq-mühafizə orqanlarına dərhal müraciət edilməsi tövsiyə olunur.

Ali Məhkəmə vurğulayıb ki, təkcə dələduzluq faktının mövcudluğu kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət etmir. Məhkəmə hər bir iş üzrə bankın qanunvericiliyə əməl edib-etmədiyini, vətəndaşın hərəkətlərini və təqdim olunan digər sübutları birlikdə qiymətləndirir.

Mənbə: anews.az

Xəbər lenti

Sabah hava necə olacaq?