Putin və Tramp Ukraynadakı vəziyyəti müzakirə edib
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp telefonla danışıb.Bu barədə Kremlin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, təxminən bir saat davam edən telefon danışığı açıq və konstruktiv keçib, lakin məxfi xarakter daşıyıb.
Putin və Tramp Ukraynadakı vəziyyəti, həmçinin ABŞ prezidentinin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoffun sentyabrın 5-6-da Moskva və Kiyevə səfərlərinin nəticələrini müzakirə ediblər.
Uşakov bildirib ki, Kremldə ABŞ nümayəndələrinin səfərinin nəticələri müsbət qiymətləndirilib və bu istiqamətdə təmasların davam etdirilməsi nəzərdə tutulur.
Danışıqların əsas mövzularından biri Rusiya-Ukrayna münaqişəsinin nizamlanması olub. Tramp münaqişənin mümkün qədər tez başa çatdırılmasının vacibliyini vurğulayıb və bunun Rusiya-ABŞ münasibətlərinin tam normallaşmasına imkan yarada biləcəyini qeyd edib.
Uşakovun sözlərinə görə, Tramp prezidentlik müddəti ərzində bu məsələdə irəliləyiş əldə etməkdə maraqlıdır.
Putin isə Rusiya ilə ABŞ arasında tərəfdaşlığın inkişafına dəstəyini ifadə edib və Trampın Ukraynada münaqişənin nizamlanması yollarının axtarılması istiqamətində səylərini müsbət qiymətləndirib.
Mənbə: anews.az