Zahid Oruc: Ev təsərrüfatlarının uçotu barədə əhali məlumatlandırılmalıdır
Milli Məclisin deputatı Zahid Oruc Dövlət Statistika Komitəsini və aidiyyəti qurumları ev təsərrüfatlarının aktivlərinin statistik uçotuna dair yeni qaydaların məqsədi barədə əhalini ətraflı məlumatlandırmağa çağırıb. O bildirib ki, qərarın mahiyyəti və məlumatların hansı məqsədlə istifadə ediləcəyi vaxtında izah olunmadıqda cəmiyyətdə narahatlıq və şayiələr yaranır.
Deputat büdcə müzakirələri zamanı çıxışında son bir həftədə ev təsərrüfatlarının aktivlərinin uçotu ilə bağlı xəbərlərin informasiya məkanında geniş müzakirə olunduğunu deyib.
O xatırladıb ki, Dövlət Statistika Komitəsinin 13 oktyabr 2026-cı il tarixli qərarı ilə ev təsərrüfatlarının uçotu sənədləri dəyişdirilib. Yeni qaydaların 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Zahid Oruc bildirib ki, bu məsələ kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin dəyişdirilməsi ilə qarışdırılmamalıdır. Belə ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, aqrar istehsalçılar üçün mövcud 100 faizlik gəlir və mənfəət vergisi azadolmasının 90 faizlik güzəştlə əvəzlənməsi nəzərdə tutulur.
“Beş sahə üzrə uçotun aparılması ÜDM-in daha dürüst hesablanması və gələcəkdə düzgün və ünvanlı sosial siyasət məramına xidmət edir, əsla ev təsərrüfatlarının bütün aktivlərini vergiyə, digər növ ödənişlərə cəlb etmək məqsədi daşımır”, - deputat qeyd edib.
O bildirib ki, ünvanlı sosial yardım üçün əvvəllər hazırlanmış ərizə-bəyannamə formalarında ev heyvanlarının və digər iqtisadi aktivlərin sayı barədə məlumat sahələri artıq mövcuddur.
Deputatın sözlərinə görə, “Evlərdəki elektron cihazlar qeydiyyata alınacaq”, “yumurtalar sayılacaq” kimi başlıqların narahatlıq doğurmasının səbəblərindən biri qərarın mahiyyətinin tam açıqlanmamasıdır.
“Vətəndaşın hüquqları və məlumatların istifadə məqsədləri vaxtında izah edilmədikdə boşluğu şayiələr doldurur”, - Zahid Oruc vurğulayıb.
O, aidiyyəti qurumların əhalini məlumatlandırmasının dövlət büdcəsi layihəsinə qarşı aparılan əks-təbliğatın qarşısını almaq baxımından da vacib olduğunu bildirib.
Mənbə: anews.az