Siyavuş Novruzov: ixtisarlar zamanı ən savadlı həkimlər işdən çıxarılır
Azərbaycanda xəstəxana və poliklinikalarda aparılan kadr ixtisarları zamanı peşəkar və savadlı həkimlər də işdən çıxarılır. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov ixtisarlar zamanı işçilərin peşəkarlığının və təcrübəsinin də nəzərə alınmasının vacibliyini vurğulayıb. Deputat bu barədə Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı danışıb.
“Bizə həkimlərdən müraciət ediblər, poliklinikalarda, xəstəxanalarda işləyən həkimlərdən. Ən savadlı həkimlər ixtisara düşür. Və yaxud iş təcrübəsi azdır və ya dediyim kateqoriyalara uyğun gəlmədiyinə görə ixtisara düşür. Ona görə bu məsələyə diqqət yetirmək lazımdır”, - Siyavuş Novruzov bildirib.
O qeyd edib ki, regionlarda dövlət qurumlarında, o cümlədən yerli icra hakimiyyəti orqanlarında kadr islahatları və ixtisarlar aparılır. Deputatın sözlərinə görə, bəzi yerli icra nümayəndəliklərində dörd işçidən ikisinin ixtisara salınması nəzərdə tutulur.
Deputat şəhid ailələrinin üzvləri, Qarabağ və Əfqanıstan müharibəsi veteranları, Çernobıl qəzası nəticəsində əlilliyi olan şəxslər, himayəsində azyaşlı və ya xəstə olan işçilərin ixtisar zamanı qanunvericiliklə nəzərdə tutulan hüquqlarının qorunmasına da diqqət çəkib.
Deputat, həmçinin birləşdirilmiş bələdiyyələrin sosial müdafiə üzrə təxminən 9 min manat borcunun olduğunu bildirib. Onun sözlərinə görə, borc problemi bəzi bələdiyyələrin bank hesabları açmasına və maliyyə əməliyyatları aparmasına mane olur.
Mənbə: anews.az