SOCAR-ın Türkiyəyə əlavə 7 milyard dollar yatırması əsaslandırılmalıdır - deputat
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev SOCAR-ın Türkiyəyə yatırdığı investisiyaların iqtisadi səmərəliliyi, yaradılan iş yerlərinin sayı və şirkətin Azərbaycana yatırdığı vəsait barədə hökumətin məlumat açıqlamasını təklif edib.
Deputat parlamentdə çıxışı zamanı bildirib ki, SOCAR-ın Türkiyəyə indiyədək təxminən 20 milyard dollar investisiya qoyduğu, hazırda isə “Petkim” şirkətinə əlavə 5-7 milyard dollar yatırmağı planlaşdırdığı barədə məlumatlar yayılıb. O, bu investisiyaların iqtisadi əsaslandırılmasının və ölkəyə gətirdiyi faydanın açıqlanmasının vacibliyini vurğulayıb.
“Bizim büdcə zərfində öz əksini tapmalıdır ki, hökumət investisiyalar qoyur və həmin investisiyalar nəticəsində nə qədər iş yeri açılmalıdır”, - deputat qeyd edib.
Həsənquliyev bildirib ki, Konstitusiyanın 15-ci maddəsinin ikinci hissəsinə əsasən, dövlət sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaratmalıdır. Onun sözlərinə görə, Azərbaycanda yeni iş yerlərinin açılmasına ehtiyac olduğu halda, SOCAR-ın xaricə, xüsusilə Türkiyəyə böyük həcmdə investisiya yatırması ilə bağlı qərarların əsaslandırılması vacibdir.
Deputat “Petkim”in maliyyə göstəricilərinə də diqqət çəkib. O bildirib ki, şirkətə indiyədək təxminən 2 milyard dollar investisiya qoyulub, 2025-ci ili isə 200 milyon dollardan çox zərərlə başa vurub. Deputatın çıxışında qeyd etdiyi məlumata görə, 2026-cı ilin ilk doqquz ayında şirkətin gəliri 38 milyon dollar təşkil edib.
“Ümumiyyətlə, SOCAR məlumat versə yaxşı olar ki, Azərbaycan müstəqillik əldə edəndən indiyədək ölkəmizə nə qədər vəsait yatırıb. Bu da çox düşündürücü məsələdir. Türkiyə qardaş ölkədir, amma onsuz da ora 20 milyarda yaxın vəsait qoyulub, indi əlavə 5-7 milyard vəsaitin yatırılmasının da əsaslandırılması olmalıdır”, - Həsənquliyev vurğulayıb.
Mənbə: anews.az