İtaliyada 6 300 məktəbə bomba xəbərdarlığı göndərilib
İtaliyada təxminən 6 300 dövlət məktəbinə bomba təhdidi ilə bağlı elektron məktublar göndərilib.Bu barədə ölkənin təhsil naziri Cüzeppe Valditara məlumat verib.
“Corriere della Sera” nəşrinin məlumatına görə, İtaliyada fəaliyyət göstərən 7 476 dövlət məktəbindən təxminən 6 300-ü partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı xəbərdarlıq alıb. Özəl məktəblərə və böyüklər üçün təhsil mərkəzlərinə isə belə məktublar göndərilməyib.
Təhdidlərdən sonra bəzi məktəblərdə təxliyə tədbirləri həyata keçirilib. Lakin aparılan yoxlamalar zamanı bomba təhlükəsi ilə bağlı məlumatlar təsdiqini tapmayıb.
İtaliyanın Baş naziri Corca Meloni bildirib ki, indiyədək aparılan yoxlamalar real təhlükənin mövcudluğunu təsdiqləyən hər hansı fakt üzə çıxarmayıb.
Onun sözlərinə görə, bu xəbərdarlıqların məqsədi əhali arasında təşviş yaratmaq ola bilər. Baş nazir hüquq-mühafizə orqanlarının vəziyyəti diqqətlə izlədiyini və məktəblərdə təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlərin görüldüyünü qeyd edib.
Mənbə: anews.az