Image

Viktor Orbanın qardaşı həbs edilib

Macarıstanda məhkəmə keçmiş baş nazir Viktor Orbanın qardaşı Aron Orban barəsində bir aylıq həbs qətimkan tədbiri seçib.

Bu barədə Budapeşt Şəhər Məhkəməsinin rəsmi nümayəndəsi Gerqö Bozo məlumat verib.

Bildirilib ki, Aron Orban nüfuz alverində və qanunsuz miqrasiyaya yardım etməkdə şübhəli bilinir. Məhkəmə onun ehtimal olunan şəriklərindən biri barəsində də həbs qətimkan tədbiri seçib. Digər şübhəli ev dustaqlığına göndərilib, dördüncü şəxs isə sərbəst buraxılıb.

Gerqö Bozonun sözlərinə görə, məhkəmə iş üzrə bütün fiqurantlara qarşı irəli sürülən şübhələri əsaslı hesab edib. Həbs edilən üç şəxsin istintaqdan yayınmaq və gizlənmək ehtimalı, ittihamın ağırlığı, mümkün cəzanın sərtliyi və şübhəlilərin geniş beynəlxalq əlaqələri nəzərə alınıb.

İstintaqın versiyasına görə, Aron Orban və tərəfdaşları pul müqabilində Vyetnam vətəndaşlarına Macarıstanın diplomatik nümayəndəlikləri vasitəsilə Şengen vizaları almağa kömək edərək onların Avropaya köçünü təşkil ediblər. Ehtimal olunur ki, 2024-cü ildə 100-dən çox şəxs bu xidmətlərdən yararlanıb.

Aron Orban noyabrın 9-da saxlanılıb. O, ifadə versə də, təqsirini etiraf etməyib. Vəkili isə həbs qətimkan tədbirinin seçilməsi üçün kifayət qədər sübut olmadığını bildirib.

Viktor Orban hadisəni siyasi təqib kimi qiymətləndirib və hakimiyyətin siyasi rəqiblərini sıradan çıxarmağa çalışdığını iddia edib.

Mənbə: anews.az

Xəbər lenti

Zelenski Dublinə gedib