Xırdalanda tunel tikiləcək - Layihə bu il start götürəcək
Bakı və Abşeron üzrə nəqliyyat yükünün azaldılması məqsədilə Xırdalan şəhərinin mərkəzində yeni tunel layihəsinin icrasına başlanması planlaşdırılır. Layihə M-4 avtomobil yolu – Xırdalan (mərkəz) tunelini əhatə edir və 2026-cı ildə tikintisinə start verilə biləcək prioritet layihələr sırasında yer alır.
Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Rzayevin sözlərinə görə, tunelin inşası Xırdalan və ətraf ərazilərdə avtomobil axınının daha səmərəli təşkili, tıxacların azalması və paytaxta giriş-çıxışın sürətlənməsi məqsədi daşıyır. O qeyd edib ki, 2026-cı ildə bir neçə yeni yol layihəsinin də tikintisinə başlanması planlaşdırılır. Bu layihələrə M. Xiyabani – Dairəvi-1 yolu, Xırdalan dairəsi, eləcə də Ə. Salamzadə – Z. Bünyadov istiqaməti daxildir.
2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı Bakı və Abşeron üzrə nəqliyyat buraxılış qabiliyyətinin artırılması, mərkəzlərdə sıxlığın azaldılması və hərəkət təhlükəsizliyinin yüksəldilməsini hədəfləyir. Rəsmi qurumların açıqlamalarına görə, tunel və yol layihələri şəhərdaxili və şəhərətrafı axınların optimallaşdırılması baxımından əsas alətlərdən biri hesab olunur.
AYtac Zeynalova