Paşinyan orduda intihar və nizam-intizam problemləri üzrə işçi qrupu yaradıb
Ermənistanın Baş naziri Nikol Paşinyan orduda intihar və nizam-intizam problemlərinin araşdırılması və qarşısının alınması ilə məşğul olacaq işçi qrupunun yaradılması barədə qərar qəbul edib.Bu barədə Ermənistan mediası xəbər verir.
Qərar Ermənistan hökumətinin saytında dərc olunub.
11 nəfərdən ibarət işçi qrupuna müdafiə, səhiyyə, təhsil, elm, mədəniyyət və idman nazirləri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, Təhlükəsizlik Şurasının katibi, daxili işlər nazirinin, Milli Təhlükəsizlik Xidmətinin direktorunun və baş prokurorun müvafiq sahələr üzrə müavinləri, Hərbi Polisin rəisi və digər vəzifəli şəxslər daxil edilib.
Paşinyan daha əvvəl orduda baş verən insidentləri və silahlı qüvvələrdəki vəziyyəti şərh edərkən bu sahəyə cavabdeh strukturlarda kadr dəyişikliklərinin aparılacağını açıqlamışdı.
Bundan qısa müddət sonra Ermənistan ordusunun mənəvi-psixoloji təminat idarəsinin rəisi Seryoja Stepanyan və Hərbi Polisin rəisi Aşot Zakaryan vəzifələrindən azad ediliblər.
Mənbə: anews.az