Azərbaycanda uşaq hüquqları ilə bağlı yeni qanun müzakirə edilir
Azərbaycanda Uşaq Hüquqları haqqında yeni qanun layihəsi müzakirə edilir. Qanun Ailə,qadın və uşaq komitəsinin bu gün keçirilən iclasında müzakiryə çıxarılıb.
Mövcud qanun təxminən 20 il əvvəl qəbul edilib və bu müddət ərzində bir sıra dəyişikliklər edilsə də, nəticəyönümlü, müasir çağırışlara cavab verən normativ aktın hazırlanmasına ehtiyac yaranıb.
Milli Məclisin deputatı Hicran Hüseynova bildirib ki, Azərbaycanda uşaq hüquqları və qadınların səlahiyyətlərinin artırılması sahəsində müsbət təcrübə mövcuddur, lakin bu sahə dinamik prosesdir və davamlı yenilənmə tələb edir.
Hüseynova qeyd edib ki, ölkə indiyədək uşaq hüquqları ilə bağlı bir sıra qanunlar qəbul edib, eyni zamanda beynəlxalq konvensiya və təşkilatlara qoşulub. Bununla belə, beynəlxalq səviyyədə formalaşan yeni yanaşmaların və innovativ fikirlərin milli qanunvericilikdə əks etdirilməsi zəruridir.
Deputatın sözlərinə görə, yeni qanun layihəsində bir sıra mühüm yeniliklər nəzərdə tutulur və sənəd uşaq hüquqlarının daha effektiv müdafiəsi və icra mexanizmlərinin gücləndirilməsi məqsədi daşıyır.
Azərbaycanda Uşaq Hüquqları haqqında mövcud qanun 2000-ci illərin əvvəllərində qəbul olunub. Son illərdə uşaq hüquqlarının qorunması, zorakılığın qarşısının alınması və sosial müdafiə mexanizmlərinin gücləndirilməsi ilə bağlı beynəlxalq standartlar yenilənib.
Gülnar Nazimqızı