Bakıda ilk tramvay xətti nə vaxt istifadəyə veriləcək: - RƏSMİ AÇIQLAMA
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda ilk növbədə "Mehdiabad-28 May (HUB)" tramvay xəttinin çəkilməsi nəzərdə tutulub. Bu xətt Bakının şimalındakı qəsəbələrin mərkəzlə birbaşa bağlantısını təmin edəcək".
BAKU.WS xəbər verir ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
Nazir müavini əlavə edib ki, gələcəkdə dəhlizin üzərindəki M.Rəsulzadə qəsəbəsində dəmiryolu stansiyasının tikintisi nəzərdə tutulub:
"Tramvay xətti istifadəyə verildikdən sonra bu dəmiryolu stansiyasında, həmçinin metronun "Azadlıq prospekti" stansiyası yaxınlıqda sərnişin mübadiləsi baş tutacaq. Yəni, tramvayla gələn sərnişinlər səfərlərini dəmiryolu və ya metro ilə davam etdirə biləcəklər.
Növbəti sərnişin mübadiləsi isə son dayanacaq kimi nəzərdə tutulan Bakı şəhərinin əsas nəqliyyat mübadilə mərkəzi olan "28 May"da baş tutacaq. Hesablamalara görə, bu dəhliz istifadəyə verildikdən sonra həmin istiqamətdə təxminən 20 mindən çox avtomobil səfərinin azalacağı gözlənilir".