Image

Paşinyan: Ermənistanın yaxın 5 ildə KTMT-yə qayıtmaq planı yoxdur

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin növbəti beş il ərzində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtmaq planının olmadığını açıqlayıb. 

Paşinyan bu barədə “Güclü Ermənistan” blokunun üzvü Marianna Qahramanyanın sualını cavablandırarkən danışıb.

Baş nazir bildirib ki, Ermənistan KTMT-yə bir sıra suallar ünvanlayıb, lakin təşkilatdan cavab almayıb.

“Seçki proqramımızda açıq şəkildə bildirilir ki, növbəti beş ildə KTMT-yə qayıtmaq planımız yoxdur. Əminliklə deyə bilərəm ki, strukturda işimizi aktivləşdirməyəcəyik”, - Paşinyan deyib.

 KTMT 1994-cü ildə qüvvəyə minmiş Kollektiv Təhlükəsizlik Müqaviləsi əsasında yaradılıb. Təşkilatın hazırkı üzvləri Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistandır. Azərbaycan, Gürcüstan və Özbəkistan isə əvvəlki illərdə təşkilatdan çıxıb.

KTMT-nin “Sarsılmaz qardaşlıq” hərbi təlimləri 2015-ci ildə Ermənistanda keçirilib. Təlimlərdə Rusiya, Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan hərbçilər iştirak edib.

2022-ci ildə təlimlərin Qırğızıstanda keçirilməsi planlaşdırılsa da, ölkənin Müdafiə Nazirliyi tədbiri səbəb göstərmədən ləğv edib.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti