Image

Azərbaycanın Rusiyadakı səfiri:informasiya mühiti əlaqələrə mane olur

Azərbaycan Rusiya ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini daha da inkişaf etdirməyə sadiqdir, lakin Rusiya mediasında Azərbaycanla bağlı mənfi informasiya mühiti ikitərəfli əlaqələrin inkişafına mane olur. Bunu Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev RTVI-yə müsahibəsində bildirib.

Səfirin sözlərinə görə, Azərbaycan-Rusiya münasibətləri hazırda ümumilikdə müsbət dinamika ilə xarakterizə olunur. O, hökumətlər, nazirliklər və digər qurumlar arasında dialoqun intensivləşdiyini, həmçinin regionlararası əməkdaşlığın inkişaf etdiyini qeyd edib.

“Bakı Moskva ilə strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri əsasında ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyə sadiqdir”, - Mustafayev deyib.

O bildirib ki, bu mövqe Azərbaycan Prezidenti İlham Əliyevin 11 mart və 28 iyul tarixlərində Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqları zamanı da təsdiqlənib.

Mustafayevin sözlərinə görə, bəzi rusiyalı ekspertlər, bloqçular və jurnalistlər tərəfindən sosial şəbəkələrdə və mediada Azərbaycanla bağlı son dərəcə mənfi informasiya mühiti yaradılır.

Diplomat bildirib ki, onun məlumatına görə, ən azı 96 Rusiya xəbər portalı, Telegram və YouTube kanalı və digər media resurslarında müxtəlif tezliklərlə Azərbaycan haqqında Rusiyaya qarşı dost olmayan dövlət obrazı formalaşdırılır.

“Diplomatik kanallar vasitəsilə Rusiya tərəfinin diqqətini ölkəmizə, xalqımıza və rəhbərliyimizə yönəlmiş, strateji tərəfdaşlığımıza və müttəfiq münasibətlərimizə zərər verən təhqiramiz və təxribat xarakterli açıqlamaların konkret hallarına yönəltmişik”, - səfir bildirib.

Onun sözlərinə görə, Bakı bu vəziyyəti qəbuledilməz hesab edir və Moskvadan bunun aradan qaldırılması üçün konkret tədbirlər gözləyir.

Səfir qeyd edib ki, Azərbaycan tərəfi müxtəlif siyasi səviyyələrdə keçirilən görüşlər zamanı Rusiya mediasında Azərbaycana, onun xalqına və rəhbərliyinə qarşı təhqiramiz ifadələrlə bağlı narahatlığını dəfələrlə çatdırıb.

Onun sözlərinə görə, buna baxmayaraq, bu fəaliyyət davam edib və daha da təhdidedici formalar alıb.

Mustafayev bildirib ki, məsələ artıq Azərbaycanın daxili siyasi proseslərinə müdaxilə ssenarilərinin və Azərbaycan xalqına və rəhbərliyinə qarşı fiziki zorakılığa çağırışların müzakirəsi səviyyəsinə çatıb.

“Bakı həmişə dialoqa açıq olub, lakin bu halda prioritet yenə də Rusiya media məkanında Azərbaycanla bağlı yaranan vəziyyətin aydın siyasi qiymətləndirilməsi və Moskvanın onu yaxşılaşdırmaq üçün konkret tədbirlər görməsidir”, - səfir deyib.

 Azərbaycan-Rusiya münasibətləri 22 fevral 2022-ci ildə Moskvada imzalanmış Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamə ilə yeni hüquqi çərçivəyə salınıb. Son dövrdə iki ölkə arasında münasibətlərdə gərginlik yaradan əsas məsələlərdən biri 2024-cü ilin dekabrında Aktau yaxınlığında Azərbaycan sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı yaranmış fikir ayrılıqları olub. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin daha əvvəl iki ölkənin həmin çətin dövrü geridə qoyduğunu və əlaqələrin tam bərpasının vacibliyini bildirib. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov isə iyulun 17-də Moskvada Rusiya XİN rəhbəri Sergey Lavrovla danışıqlar aparıb.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti