Azərbaycanda iki qurum birləşdirilir
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti “Azəripək” Açıq Səhmdar Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil ediləcək. Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Sənədə əsasən, Cəmiyyət tərəfindən baramaçılığın damazlıq işinin təşkili məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Qax Rayon Damazlıq İpəkçilik Stansiyası əmlakı ilə birlikdə Cəmiyyətin tabeliyinə verilib.
Həmçinin “Azəripək” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi prosesi dayandırılıb.
Fərmanla müəyyən edilib ki, Cəmiyyət ölkədə ipəkçiliyin və xalçaçılığın inkişafını, təbliğini və təşviqini, bu sahədə istehsal, emal, satış və ixrac fəaliyyətinin həyata keçirilməsini, xammal bazasının inkişaf etdirilməsini, milli sənətkarlıq irsinin qorunmasını və bu sahələrdə fəaliyyətin vahid mərkəzdən əlaqələndirilməsini təmin edən kommersiya hüquqi şəxsidir.
Cəmiyyət “Azəripək” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, onun bütün hüquqları və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.
Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 3 üzvdən – sədr və onun 2 müavinindən ibarət İdarə Heyəti həyata keçirir.
Mənbə: anews.az