Image

Bakıda tarixi abidələrdə qanunsuz yenidənqurma işləri ilə bağlı xəbərdarlıq edilib

 

Bakının Nəsimi və Xəzər rayonlarında dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrində qanunsuz yenidənqurma işləri aparıldığı müəyyən edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, araşdırma Mədəniyyət Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılıb.

Araşdırma zamanı Nəsimi rayonu, Nizami küçəsi 81 və Bülbül prospekti 36C ünvanlarında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan qeyri-yaşayış obyektlərində, həmçinin Xəzər rayonunun Buzovna qəsəbəsindəki yerli əhəmiyyətli memarlıq abidəsi olan məsciddə müvafiq razılaşdırma aparılmadan yenidənqurma işlərinin görüldüyü müəyyən edilib.

Aşkar edilmiş qanun pozuntularının təkrarlanmasının qarşısının alınması məqsədilə həmin əməllərə yol vermiş şəxslərə prokuror təsir aktı olan xəbərdarlıq elan olunub.

Qeyd edilib ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsinə, toxunulmazlığının pozulmasına, habelə onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, bərpa, yenidənqurma və digər işlərin müəyyən edilmiş qaydada razılaşdırılmadan aparılmasına yol verilmir.

Baş Prokurorluq bildirib ki, xəbərdarlıq qanunvericilikdə nəzərdə tutulan inzibati və cinayət məsuliyyətini istisna etmir.

İnzibati Xətalar Məcəlləsinin 231-ci maddəsinə əsasən, mədəni sərvətlərin qorunması ilə bağlı tələblərin pozulması, o cümlədən müvafiq razılaşdırma aparılmadan rekonstruksiya, bərpa, konservasiya və digər işlərin görülməsi inzibati məsuliyyətə səbəb olur.

Bundan əlavə, dövlət tərəfindən qorunan mədəni sərvətlərin qəsdən korlanması və ya məhv edilməsi Cinayət Məcəlləsinin 246-cı maddəsi, ehtiyatsızlıqdan məhv edilməsinə səbəb olan əməllər isə 246-1-ci maddə ilə cinayət məsuliyyəti yarada bilər.

Baş Prokurorluq vətəndaşları və aidiyyəti şəxsləri dövlət mühafizəsində olan abidələrdə təmir, bərpa və yenidənqurma işləri aparmazdan əvvəl qanunvericiliklə müəyyən edilmiş razılaşdırma prosedurlarına əməl etməyə çağırıb.

Mənbə: anews.az

Xəbər lenti