Image

2025-ci il Azərbaycanda yetkinlik yaşına çatmayan 1 oğlan, 116 qız evlənib - rəsmi

 

Azərbaycanda 2025-ci ildə 18 yaşadək bir oğlanın nikahı rəsmi qeydə alınıb. Bu barədə Dövlət Statstika Komitəsindən bildirilib. 

Son beş ilin statistikasına əsasən, 2021 və 2022-ci illərdə 18 yaşadək bir oğlan nikaha daxil olub. 2023 və 2024-cü illərdə isə bu yaş qrupunda oğlanlar arasında rəsmi nikah qeydə alınmayıb.

Qızlar arasında isə 2025-ci ildə 18 yaşadək 116 nikah rəsmiləşdirilib. Bu göstərici 2024-cü ildəki 185 halla müqayisədə 37,3% azdır.

2022-ci ildə 18 yaşadək qızların nikahlarının sayı son beş ilin ən yüksək göstəricisinə – 270-ə çatıb. 2025-ci ilin göstəricisi həmin illə müqayisədə 57% aşağıdır.

2000-2025-ci illərdə 18 yaşadək qızların nikahlarının ən yüksək sayı 2008-ci ildə qeydə alınıb.

Həmin il 5 544 qızın nikahı rəsmiləşdirilib. 2025-ci ildəki 116 hal 2008-ci illə müqayisədə təxminən 98% azdır.

18 yaşadək oğlanlar üzrə isə 2000-2025-ci illərdə ən yüksək göstərici 2006-cı ildə qeydə alınıb - həmin il 50 oğlanın nikahı rəsmiləşdirilib.

Ailə Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, nikaha daxil olmaq üçün şəxslərin 18 yaşa çatması tələb olunur. Əvvəllər üzrlü səbəblər olduqda nikah yaşının bir il azaldılmasına, yəni 17 yaşda nikaha icazə verilməsinə imkan verən norma mövcud olub. Lakin 28 iyun 2024-cü il tarixli qanunla Ailə Məcəlləsinin nikah yaşının azaldılmasını nəzərdə tutan 10.2-ci maddəsi ləğv edilib. Beləliklə, hazırda 17 yaşda nikahın rəsmiləşdirilməsi üçün istisna nəzərdə tutulmur.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti