Azərbaycanda gömrük bəyannamələri ilə bağlı yeni qayda
Azərbaycanda gömrük sərhədindən mal keçirən fiziki şəxslər üçün yeni bəyanetmə qaydası tətbiq olunacaq.
Nazirlər Kabinetinin qərarı ilə gömrükdə malların bəyan edilməsi qaydalarına dəyişiklik edilib.
Dəyişikliyə əsasən, “Qırmızı kanal”dan keçən şəxslər müəyyən hallarda malları sadələşdirilmiş bəyannamə ilə bəyan etməli olacaqlar. Bəyannamə kağız və ya elektron formada təqdim edilə bilər.
Əl yükündə və ya baqajda kommersiya məqsədi daşımayan, lakin bəyan edilməsi tələb olunan mallar olduqda, fiziki şəxs gömrük orqanına sadələşdirilmiş bəyannamə təqdim etməlidir.
Bəyannamədə güzəşt həddini aşan mallar, qiymətli metallar və daşlar, xarici valyuta və qiymətli kağızlar, müəyyən edilmiş məbləğdən artıq milli valyuta, dini məzmunlu materiallar, silah və sursat, habelə ölkəyə gətirilən mobil cihazlar barədə məlumatlar göstəriləcək.
Müşayiət olunmayan baqajla göndərilən mallar üçün də ayrıca sadələşdirilmiş bəyannamənin tətbiqi nəzərdə tutulur.
Dəyişikliklə əlaqədar bəyannamə formalarının 10 və 12 nömrəli əlavələri də yenilənib.
Qərar imzalandığı gündən 30 gün sonra qüvvəyə minəcək.
Mənbə: anews.az