Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb
Nəcəf Nəcəfovun məzarından barelyef oğurlanıb. Bu barədə sentyabrın 9-u səhər tezdən məlum olub. Vandalizm aktı İkinci Fəxri xiyabanda (Qurd qapısı) baş verib.
Bürünc barelyef başdaşının üzərinə quraşdırılmış “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinin iki səhifəsini əks etdirir.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Ülvi Kazımov yaxalanıb. Oğurlanmış barelyefin satıldığı i yer aşkar edilib və maddi sübut kimi götürülüb. Baxış zamanı barelyefin hissələrə doğranmış vəziyyətdə olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Nəcəf Nəcəfov 80–90-cı illərdə hər iki qəzetin redaktoru, sonradan isə milli azadlıq hərəkatının liderlərindən biri olub.
Elçibəy hökumətində o, prezidentin müşaviri postunu tutub.
1999-cu ildə vəfat edib.
2004-cü ildə Prezident İlham Əliyev Azərbaycanın müstəqil jurnalistikasının formalaşmasındakı böyük xidmətlərinə görə Nəcəf Nəcəfovu ölümündən sonra “Şöhrət” ordeni ilə təltif edib.




Mənbə: anews.az