Image

ABŞ Azərbaycanı TRIPP üzrə danışıqlar barədə məlumatlandırır — Bayramov

ABŞ tərəfi Azərbaycanı TRIPP layihəsi üzrə Vaşinqtonla İrəvan arasında aparılan danışıqlar barədə mütəmadi məlumatlandırır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çərşənbə günü bildirib.

“Əsas danışıqlar ABŞ və Ermənistan arasında aparılır və bu, təbiidir. Eyni zamanda, ABŞ-dən olan tərəfdaşlar Azərbaycan tərəfini mütəmadi məlumatlandırırlar, çünki layihənin Azərbaycanın iştirakı olmadan baş tutması mümkün deyil”, - Bayramov Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi çərçivəsində jurnalistlərə deyib.

Nazirin sözlərinə görə, Bakıya verilən məlumatlar danışıqlar prosesinin uğurla davam etdiyini göstərir. Bayramov bildirib ki, əvvəllər layihənin icrasına 2026-cı ilin sonunadək başlanacağı gözlənilsə də, son məlumatlara əsasən, proses 2027-ci ildə başlayacaq.

O, layihənin Azərbaycan, Ermənistan, bütövlükdə region və beynəlxalq tərəfdaşlıq baxımından mühüm əhəmiyyət daşıdığını deyib.

Nazir əlavə edib ki, Naxçıvan Muxtar Respublikası ərazisində dəmir yollarının bərpasına başlanılıb və bir sıra beynəlxalq tərəfdaşlar layihədə iştirak etməkdə maraqlıdırlar. Onun sözlərinə görə, Azərbaycan zəruri işləri öz imkanları hesabına da həyata keçirir.

Mənbə: anews.az

Xəbər lenti