Image

Prezident İlham Əliyev Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

 

 Prezident İlham Əliyev Azərbaycanın Xalq artisti, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb.

Nekroloqda bildirilib ki, Aleksandr Yakovleviç Şarovski sentyabrın 9-da 79 yaşında vəfat edib.

1948-ci il fevralın 10-da Bakıda anadan olan Şarovski 1968-1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili və ədəbiyyatı üzrə təhsil alıb. O, əmək fəaliyyətinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayıb.

Şarovski 1976-cı ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında aktyor, rejissor assistenti və quruluşçu rejissor kimi çalışıb, 1993-cü ildən isə teatrın baş rejissoru olub.

Nekroloqda onun Azərbaycan və dünya dramaturgiyasının nümunələri əsasında hazırladığı tamaşaların ölkə daxilində və xaricində nümayiş etdirildiyi, Azərbaycan teatr sənətinin inkişafına töhfə verdiyi qeyd olunub.

Aleksandr Şarovski həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü və Avropa yəhudilərinin Bakı dini icmasının rəhbəri kimi fəaliyyət göstərib.

O, 1987-ci ildə “Əməkdar artist”, 1998-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Şarovski 2008-ci ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf” ordenləri, 2023-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.

Nekroloqu Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və digər dövlət və mədəniyyət xadimləri imzalayıblar.

Mənbə: anews.az

Xəbər lenti