Şəmkirdə 13 yaşlı qızla nişanlanan stomatoloq 1 000 manat cərimələnib
Şəmkirdə 13 yaşlı azyaşlı qızla nişan mərasimi keçirdiyinə görə 1994-cü il təvəllüdlü stomatoloq M.Cəbrayılov (ad-soyad şərtidir) inzibati məsuliyyətə cəlb edilib. Bu barədə teleqraf məhkəmə materiallarına istinadən məlumat verib.
Məlumata görə, nişan mərasimi Şəmkir rayonunun Yeni Həyat kəndində yerləşən “Qala” restoranında, hər iki ailənin iştirakı ilə baş tutub. Daxil olan məlumat əsasında azyaşlının valideyni və stomatoloq Şəmkir Rayon Polis Şöbəsinə dəvət olunub, faktla bağlı araşdırma aparılıb.
Araşdırmanın nəticəsinə əsasən, 32 yaşlı stomatoloq barəsində inzibati xəta protokolu tərtib olunaraq iş baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmədə verdiyi ifadədə M.Cəbrayılov azyaşlını diş həkiminə müraciət edərkən gördüyünü, daha sonra onunla danışaraq elçi göndərmək niyyətini bildirdiyini deyib.
Azyaşlı qız isə ifadəsində bildirib ki, anasının bu evliliyə razı olmadığını anlayaraq, onu qorxutmaq məqsədilə özünə xəsarət yetirəcəyini bildirib. Onun sözlərinə görə, anası qorxuya düşərək elçilərə razılıq verməyə məcbur qalıb.
Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini və qarşı tərəfin şikayətçi olmamasını yüngülləşdirici hal kimi qiymətləndirib. Qərara əsasən, M.Cəbrayılov 1 000 manat məbləğində cərimələnib.