Tikinti şirkəti ilə vətəndaş arasında qalmaqal: "Xəbərdarlıq da etmədilər"
Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaş bildirib ki, Xətai rayonunda, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən özünə məxsus qeyri-yaşayış sahəsi tikinti şirkəti tərəfindən dağıdılıb.
Sözügedən şəxs iddia edir ki, söküntü zamanı tikinti şirkəti tərəfindən ona nə əvvəlcədən xəbərdarlıq edilib, nə də hər hansı rəsmi müraciət olunub.
Şikayətçi Rəna Əsgərovanın vəkili Raman Abışovun sözlərinə görə, dekabrın 2-də qeyd olunan qeyri-yaşayış sahəsi sökülüb. Söküntü nəticəsində yaranan uçqun zamanı obyektin daxilində olan əşyalar da yararsız vəziyyətə düşüb. Bununla bağlı Xətai Rayon Məhkəməsinə müraciət edilib.
Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxslə tikinti şirkəti arasında bir neçə dəfə danışıqlar aparılıb:
"Danışıqlar aparılsa da, şirkət qeyri-yaşayış sahəsinə heç bir aidiyyətinin olmadığını bildirib".
