Bələdiyyə xətirələrinin olmaması ciddi problemlər yaradır - bələdiyyə sədri
Ərazilərlə bağlı xəritə sistemində yaranmış problemlərin uzun illərdir həll olunmaması narahatlıq yaradır. Bunu Horadiz bələdiyyəsinin sədri Turan Nəbiyev Milli Məclisdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2016-cı ildən bu yana bələdiyyələrə tam xəritə məlumatlarının təqdim edilməməsi ciddi çətinliklər yaradır. O qeyd edib ki, xəritə sisteminin hər bir ərazi üzrə bələdiyyələrə verilməsi zəruridir, lakin bu proses başa çatmayıb və nəticədə vətəndaşlarla problemlər yaranır.
Məsələ ilə bağlı çıxış edən Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib və xəritələrin təxminən 90 faizinin artıq müəyyənləşdirildiyi qeyd olunub.
Deputat əlavə edib ki, mövcud problem yaxın vaxtlarda həllini tapa bilər.
Bələdiyyələrin xəritələri ilə bağlı məsələ bundan əvvəl də bir neçə deputat tərəfindən problem kimi səsləndirilib.
Gülnar Nazimqızı