amnistiya aktı 22 mindən çox şəxsə şamil edilib - Rəsmi
Azərbaycanda “Konstitusiya və Suverenlik İli” münasibətilə qəbul edilmiş amnistiya qərarının icrası yekunlaşıb və ümumilikdə 22 935 şəxs bu aktdan yararlanıb. Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Qurumun açıqlamasına görə, 19 dekabr 2025-ci il tarixli qərarın icrası dörd ay ərzində qeyri-hökumət təşkilatları, media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilib. Bildirilib ki, bu, tətbiq dairəsinə görə indiyədək qəbul edilmiş ən geniş amnistiya aktıdır.
Məlumata əsasən, 5 348 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilib, 3 555 nəfərin isə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılıb.
Bundan əlavə, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 9 714 nəfərə də amnistiya tətbiq olunub. Onların arasında azadlığın məhdudlaşdırılması, islah işləri, ictimai işlər, cərimə və hərbi xidmət üzrə məhdudiyyət cəzaları alan şəxslər var.
Eyni zamanda, 1 059 nəfər şərti məhkum edilmiş və ya cəzasının icrası təxirə salınmış şəxslər də amnistiyadan yararlanıb.
Hesabat dövründə məhkəmə və istintaq mərhələsində olan işlər üzrə ümumilikdə 3 259 şəxs cinayət məsuliyyətindən azad edilib.
Aytac