Elektron ticarətdə 300 dollarlıq gömrük limitində dəyişiklik olacaqmı? - Rəsmi
Azərbaycanda elektron ticarət üzrə aylıq 300 dollarlıq gömrük limitinin dəyişdirilməsi nəzərdə tutulmur və mövcud qayda qüvvədə qalacaq.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deputatların suallarını cavablandırarkən bildirib ki, şəxsi istifadə məqsədilə xaricdən elektron ticarət vasitəsilə gətirilən mallara tətbiq olunan 300 dollarlıq aylıq limit saxlanılır.
“Bu limitin dəyişdirilməsi gündəmdə deyil,” – Bağırov qeyd edib.
O əlavə edib ki, bəzi ölkələrdə -o cümlədən Türkiyə, Avropa İttifaqı və Rusiyada -elektron ticarət üzrə güzəştlər son illərdə azaldılıb və ya məhdudlaşdırılıb. Buna baxmayaraq, Azərbaycanda sosial yanaşma qorunur.
Bağırovun sözlərinə görə, hazırda Azərbaycanda təxminən 1,2 milyon insan elektron ticarət vasitəsilə alış-veriş edir. Son 25 il ərzində bu sahə üzrə təqdim olunan bəyannamələrin sayı 18 milyonu ötüb.
Onun sözlərinə görə, əvvəlki illərdə bu sahədə iştirak edənlərin sayı təxminən 500 min nəfər olub ki, bu da son dövrlərdə kəskin artım deməkdir.
Gülnar Nazimqızı