Ombudsman: Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi ilə bağlı təkliflər hazırlanıb
Azərbaycan Ombudsman təsisatı cari ildə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi, energetik içkilərdən və kiçik elektrik nəqliyyat vasitələrindən istifadəsi ilə bağlı araşdırmalar aparıb və müvafiq təklifləri aidiyyəti qurumlara göndərib. Bunu Ombudsman Səbinə Əliyeva bildirib. “Cari ildə Ombudsmanın müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair, uşaqlar tərəfindən energetik içkilərin, habelə kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı araşdırmalar aparılıb, bu sahədə zəruri tədbirlərin görülməsi istiqamətində təkliflər hazırlanaraq aidiyyəti qurumlara göndərilib”, — Əliyeva deyib. Əliyeva bildirib ki, ötən il Azərbaycan Ombudsman təsisatı assosiativ üzv olduğu Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin tamhüquqlu üzvlüyünə qəbul edilib. “Ombudsman təsisatı aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, xarici ölkələrin insan hüquqları təsisatları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir”, — o qeyd edib. Ombudsman Aparatının əməkdaşları uşaqlara dair strategiya, BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının icrası, gender bərabərliyi və məişət zorakılığının qarşısının alınması ilə bağlı işçi qruplarda iştirak edirlər. “Qurumlararası əməkdaşlıq müxtəlif əhali qruplarının, o cümlədən qadın və uşaqların hüquqlarının təmini baxımından çox önəmlidir”, — Əliyeva bildirib. Gülnar Nazimqızı