Uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir - nazir
Azərbaycanda uşaqlarla bağlı aylıq və birdəfəlik sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir. Bunu əmək və əhalinin sosial müdafiə naziri Anar Əliyev bildirib. Nazirin sözlərinə görə, ünvanlı dövlət sosial yardımı alan 350 min aztəminatlı şəxsin 170 mindən çoxu uşaqlardır. “Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi istiqamətində də işlər davam etdirilir. Cari ilin birinci rübünün sonuna olan məlumata əsasən, Nazirliyin tabeliyində fəaliyyət göstərən sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb”, - Əliyev bildirib. O qeyd edib ki, həmin müəssisələrdə uşaqlara stasionar və yarımstasionar formada sosial-məişət, tibbi-sosial, sosial-mədəni və sosial-pedaqoji xidmətlər göstərilir. Nazir əlavə edib ki, “Sosial sığınacaqların inkişafına dəstək” layihəsi çərçivəsində bu il baxımsız və sosial təhlükəli vəziyyətdə olan 168 uşağa sosial xidmət göstərilir. Əliyevin sözlərinə görə, himayədar ailə institutunun inkişafı üçün dövlət tərəfindən himayədar ailələrə verilən uşaqlara görə aylıq 650 manat, ildə bir dəfə isə 800 manat müavinət müəyyən edilib. Gülnar Nazimqızı