Image

Bayramov: Avropada Azərbaycana qarşı “ikili standartlar” həm idmanda, həm siyasətdə müşahidə olunur

Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsiz yanaşma halları müşahidə olunur və bu tendensiya siyasətdə də özünü göstərir. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, İlham Əliyev Avropa çempionatında komanda hesabında qalib olan güləşçilərlə görüşü zamanı bu məqama diqqət çəkib.

Bayramov qeyd edib ki, Avropada bəzi siyasi dairələr tərəfindən Azərbaycana münasibətdə qərəzli yanaşma davam edir. O, xüsusilə Avropa Parlamentində müzakirəyə çıxarılan “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə layihəsinə istinad edərək bildirib ki, sənəddə Azərbaycana qarşı əsassız ittiham və tələblər yer alıb.

“İkili yanaşma yalnız idmanda deyil, siyasətdə də müşahidə olunur”, –  deputat vurğulayıb.

Bununla yanaşı, Bayramov qeyd edib ki, Avropada Azərbaycanın tərəfdaşları da mövcuddur və son dövrlərdə həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər bunu təsdiqləyir.

Deputat əlavə edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və Trans Adriatic Pipeline vasitəsilə qitəyə 57 milyard kubmetrdən çox qaz ixrac edib.

Onun sözlərinə görə, mövcud çağırışlara baxmayaraq, Azərbaycan idman, siyasət və iqtisadiyyat sahələrində inkişafını davam etdirir.

Avropa Parlamenti cümə axşamı Ermənistanın demokratik dayanıqlığının dəstəklənməsinə dair qətnamə qəbul edərək, Azərbaycanla bağlı bir sıra tənqidi müddəalar irəli sürüb. Rəsmi Bakı buna etiraz olaraq Avropa İttifaqının Bakıda səfirinə etiraz notası təqdim edib. 

Hazırda Milli Məclis qəbul olunan bu qətnaməyə etiraz olaraq cavab hazırlayır. 

Gülnar Nazimqızı 

Xəbər lenti

İlqar Əliyev vəfat edib