Image

BP “Qarabağ” yatağı və ADUA sahəsi üzrə apardığı işləri açıqlayıb

BP şirkəti “Qarabağ” neft yatağı və “Əşrəfi-Dan Ulduzu-Aypara” (ADUA) sahəsində seysmik tədqiqat işlərini aparır.

Bu barədə “BP-nin Azərbaycanda fəaliyyəti üzrə 2026-cı ilin birinci rübünün nəticələrinə həsr olunmuş hesabatında bildirilib.

Hesabata əsasən, “Qarabağ” yatağında yataq haqqında bilgiləri artırmaq, quyuların planlaşdırılması işlərinə və yatağın işlənmə strategiyalarının optimallaşdırmasına kömək məqsədilə dənizdibi sensor qovşaqlarla (OBN) seysmik tədqiqat həyata keçirilib. Tədqiqat 2025-ci ilin dekabrında başlayıb və qrafiki qabaqlayaraq martın ortalarında başa çatıb. Tədqiqat nəticəsində əldə olunmuş məlumatların emalı hazırda davam edir.

“Bunun ardınca mart ayının ortalarında yüksək dəqiqlikli (HR)/ultra yüksək dəqiqlikli (UHR) seysmik tədqiqat proqramına başlanıb. Bu tədqiqatda əsas məqsəd quyu bütövlüyünə təsir göstərə biləcək geoloji riskləri, eləcə də platformanın və digər infrastrukturun təhlükəsiz şəkildə quraşdırılmasına maneə yarada biləcək yeraltı təhlükələri müəyyənlir. HR/UHR seysmik tədqiqatın 45 günədək davam edəcəyi planlaşdırılır”, - hesabatda bildirilir. 

Hesabatda qeyd olunur ki, ADUA layihəsi üzrə ilk addım olaraq suyun 20-40 metr dərinliyində 2-ölçülü yüksək dəqiqlikli (HR) seysmik tədqiqat aparılıb. Aprelin ortalarında başlanmış və ADUA sahəsinin şimal-qərb hissəsində kiçik bir ərazini əhatə edən bu tədqiqat 20 gün davam edib. Tədqiqatda əsas məqsəd yerin təxminən 1500 metr dərinliyinədək qatları haqqında ətraflı məlumatlar əldə etməklə gələcək kəşfiyyat quyularının planlaşdırılmasına dəstək verməkdir. Tədqiqat yeraltı qırılmalar, dayaz qatlara yığılmış qazlar və digər geoloji xüsusiyyətlər də daxil olmaqla, qazma əməliyyatları və quyu bütövlüyünə təsir göstərə biləcək yeraltı geoloji risklərin müəyyənləşdirilməsinə kömək edəcək.

Xəbər lenti