Image

Əmiraslanov: Yeni gömrük modeli risk əsaslı idarəetməyə keçidi nəzərdə tutur

Gömrük Məcəlləsinə təklif edilən dəyişikliklər gömrük tənzimlənməsinin fəlsəfəsini dəyişərək daha çox ticarətin asanlaşdırılmasına yönəlmiş yeni model formalaşdırır. Bunu Milli Məclisin deputatı Azər Əmiraslanov Gömrük Məcəlləsinə dəyişiklik haqqında qanuna münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, əvvəlki yanaşma əsasən sərhəddə fiziki nəzarətə əsaslanırdısa, yeni model effektiv idarəetmə, tənzimləmə və nəzarət arasında balansın yaradılmasını hədəfləyir.

Deputat qeyd edib ki, bu çərçivədə risk əsaslı yanaşma, post-audit mexanizmləri və elektron məlumat mübadiləsi vasitəsilə sərhəddə yoxlamalar azalacaq, eyni zamanda qanunvericiliyə riayət daha effektiv təmin olunacaq.

Əmiraslanov bildirib ki, layihə çərçivəsində gömrük terminologiyası yenilənir və beynəlxalq standartlara uyğunlaşdırılır ki, bu da hüquqi boşluqların aradan qaldırılmasına və tətbiqetmənin vahidləşdirilməsinə xidmət edir.

Onun sözlərinə görə, əsas yeniliklərdən biri gömrük təmsilçiliyi institutunun modernləşdirilməsidir. Yeni mexanizm birbaşa və dolayı təmsilçilik formalarını nəzərdə tutur ki, bu da bazarda rəqabəti artıracaq və xidmət keyfiyyətini yüksəldəcək.

Deputat əlavə edib ki, elektron prosedurların genişləndirilməsi gömrük sistemində şəffaflığı artıracaq, insan faktorunu və korrupsiya risklərini azaldacaq, rəsmiləşdirmə prosesini sürətləndirəcək.

Əmiraslanov qeyd edib ki, layihənin əsas məqsədlərindən biri Azərbaycanın logistika və tranzit imkanlarının genişləndirilməsidir. Bu çərçivədə tranzit prosedurlarının sadələşdirilməsi və logistika zəncirinin fasiləsizliyinin təmin edilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, dəyişikliklər Orta Dəhliz, eləcə də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının inkişafına hüquqi baza yaradacaq.

Deputat vurğulayıb ki, səlahiyyətli iqtisadi operator institutunun gücləndirilməsi etibarlı biznes subyektləri üçün sadələşdirilmiş prosedurların tətbiqinə imkan verəcək.

Əmiraslanov əlavə edib ki, layihədə sahibkarların hüquqlarının qorunması, audit prosedurlarının dəqiqləşdirilməsi və gömrük borclarının icrası mexanizmlərinin gücləndirilməsi də nəzərdə tutulur.

Gülnar Nazimqızı 

Xəbər lenti