Image

Seyidova: Media sosial şəbəkələrin itirdiyi auditoriyanı geri qaytarmaq üçün yeni platformalara çevrilməlidir

Ənənəvi media sosial şəbəkələrin artan təsiri fonunda auditoriyanı geri qaytarmaq üçün daha interaktiv və çevik platformalara çevrilməlidir. Bunu Medianın İnkişafı Agentliyinin media təhlil şöbəsinin müdiri Səbinə Seyidova bildirib. Onun sözlərinə görə, media qurumları sosial şəbəkələrdə kanallar açaraq auditoriyalarını genişləndirməyə çalışsalar da, istifadəçilərin diqqətini tam şəkildə öz platformalarına yönəltməkdə hələ də çətinlik çəkirlər. “Ənənəvi media informasiyanı əsasən birtərəfli ötürür və interaktivlik nisbətən azdır. Müasir auditoriya isə yalnız məlumat almaq deyil, həm də kontent yaradıcılığında iştirak etmək istəyir,” Seyidova qeyd edib. O bildirib ki, dünyada artıq “yeni media” anlayışı formalaşır və media platformaları istifadəçilərə həm xəbər istehlakçısı, həm də məzmun yaradıcısı kimi iştirak imkanı verməlidir. Seyidovanın sözlərinə görə, The New York Times, BBC və Al Jazeera kimi aparıcı media qurumları mobil tətbiqlərini inkişaf etdirir, sosial şəbəkələrdə isə xəbər kontenti ilə yanaşı, maarifləndirici və əyləncəli məzmun da təqdim edirlər. “Bu, medianın yalnız jurnalistika fəaliyyəti kimi deyil, həm də biznes subyekti kimi inkişaf etdiyini göstərir,”- o bildirib. Seyidova qeyd edib ki, süni intellekt mediaya yeni imkanlar açmaqla yanaşı, dezinformasiya və manipulyasiya risklərini də artırır. Onun sözlərinə görə, süni intellekt jurnalistlərin rutin işlərini azalda, vaxtdan daha səmərəli istifadə etməyə və strateji düşüncəyə daha çox imkan yarada bilər. “Amma süni intellektdən istifadə şəffaf və məsuliyyətli olmalıdır. Media qurumları bu texnologiyadan auditoriya etimadını qorumaq və keyfiyyətli kontent yaratmaq üçün yararlanmalıdır,”- Seyidova əlavə edib. Gülnar Nazimqızı

Xəbər lenti