Azərbaycanın bəzi məktəblərində rus bölməsinə qəbul dayandırılır
Azərbaycanın iki ümumtəhsil məktəbində Bakı şəhəri 111 və Ağdaş Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbdə birinci sinif üzrə rus bölməsinə qəbul dayandırılıb. Bu barədə övladları bu məktəblərdə məktəbəqədər hazırlıq kurslarında təhsil alan valideynlər Anews.az müraciətlərində bildirib.
Ağdaş sakini Zərifə Quliyeva bildirib ki, Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbin rəhbərliyi müəllimlər vasitəsilə valideynlərə birinci sinif üzrə rus bölməsinə qəbulun dayandırıldığını çatdırıb.
“Uşaqlarımız imtahandan uğurla keçib. Amma bizə bu gün deyildi ki, rus bölməsinə qəbul yoxdur. Bizim rayonda yalnız bir rus dilli məktəb var. Bizə Göycaya getməyi tövsiyyə ediblər. Bu isə bizim üçün uzaqdır. Xahiş edirik heç olmasa bu il bizim uşaqlara son şans verilsin, çünki başqa məktəbə getmək imkanımız yoxdur”, – valideyn deyib.
Bakda yerləşən 111 saylı tam orta məktəbdə rus bölməsi üzrə imtahandan uğurla keçən və həmin məktəbdə məktəbə hazırlıq kurslarında oxuyan uşaqlar da eyni problemlə üzləşib.
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən dərhal sorğumuza cavab vermədilər.
11 saylı məktəbin qaynar xəttindən isə bildirdilər ki, məktəbə qəbul həqiqətən dayandırılıb. Buna səbəb isə müraciət edənlərin sayının az olması olub.
"Hazırlıq keçən və qəbul zamanı yüksək bal yığan uşaqlar iyunun 17-i sistem üzrə başqa məktəbləri seçə bilərlər", - məktəbin qaynar xəttindən bildirilib.
İyunun 17-i tədris digər dillərdə aparılan məktəblərdə oxumaq istəyən uşaqlar üçün müəllim və məktəb seçimi mümkün olacaq.
Gülnar Nazimqızı
Mənbə: anews.az