Nazirlik hava ilə bağlı xəbərdarlıq edib
Fövqəladə Hallar Nazirliyi (FHN) avqustun 17-dək Azərbaycanda gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.
FHN-in məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, bəzi ərazilərdə güclü külək əsəcək, hava fasilələrlə yağıntılı keçəcək və ayrı-ayrı yerlərdə yağıntılar intensiv olacaq.
Həmçinin çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi gözlənilir.
Nazirlik güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, binalardan və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəkləri və naqillərinin, eləcə də hündür ağacların altında dayanmamağı tövsiyə edib.
FHN küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusi diqqət yetirməyə çağırıb. Bildirilib ki, güclü külək yanğınların söndürülməsini çətinləşdirə bilər.
Kiçikhəcmli gəmi istifadəçilərinə isə belə hava şəraitində dənizə çıxmamaq tövsiyə olunub.
Nazirlik intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqınlarla bağlı da xəbərdarlıq edib. Əhaliyə sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmaq, belə təhlükə yarandıqda isə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə edilir.
FHN təhlükə zamanı 112 qaynar xəttinə zəng etməyi xatırladıb.
Mənbə: anews.az