Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir
Bakıda “Classics & Supercars” festivalı başlayıb.
İki gün davam edəcək tədbir Dənizkənarı Milli Park ərazisində keçirilir.
Festival Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə baş tutur. Tədbirdə klassik avtomobillər, superkarlar və idman avtomobilləri nümayiş olunur.
Sərgidə AAF-ın avtomobil kolleksiyası ilə yanaşı, qeydiyyatdan keçmiş iştirakçıların nəqliyyat vasitələri də təqdim edilir. Klassik avtomobil kateqoriyasına 1986-cı ilədək istehsal olunmuş avtomobillər daxildir.
Təşkilatçılara görə, ekspozisiya avtomobil sənayesinin müxtəlif dövrlərini əhatə edir və ziyarətçilərə həm tarixi, həm də müasir yüksək performanslı modellərlə tanış olmaq imkanı yaradır.
Festival iyunun 7-dək davam edəcək.
Mənbə: anews.az