10 heyvan kəsimi məntəqəsində vəziyyət tam qeyri-qənaətbəxş qiymətləndirilib
Azərbaycanda fəaliyyət göstərən 84 heyvan kəsimi məntəqəsindən 10-da sanitar-gigiyenik və sanitar-texniki vəziyyət tam qeyri-qənaətbəxş hesab olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, hazırda ölkə üzrə 98 kəsim məntəqəsi mövcuddur və onların 84-ü aktiv fəaliyyət göstərir.
AQTA-nın apardığı monitorinqlər nəticəsində 27 məntəqənin vəziyyəti qənaətbəxş, 47 məntəqənin qismən qənaətbəxş, 10 məntəqənin isə tam qeyri-qənaətbəxş olduğu müəyyən edilib.
Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarını pozan məntəqələrin sahibkarlarına aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Agentlik xəbərdarlıq edib ki, müəyyən edilmiş müddətdə müəssisəsini texniki və sanitar normativlərə uyğunlaşdırmayan, yaxud qanunvericiliyin tələblərini pozmaqda davam edən kəsim məntəqələrinin fəaliyyəti dayandırılacaq.
Mənbə: anews.az