Artıq şagirdlər və müəllimlər üçün süni intellekt əsaslı repetitorlar tətbiq olunur - nazir müavini
Azərbaycan süni intellektin tədrisə, qiymətləndirməyə və təhsil prosesinin idarə olunmasına inteqrasiyası məqsədilə OpenAI şirkəti ilə müqavilə imzalayıb. Bunu elm və təhsil nazirinin müavini bildirib. “Bir neçə gün əvvəl OpenAI ilə böyük bir müqavilə imzaladıq. Məqsədimiz süni intellekti yalnız tələbələrin asudə vaxtlarında və ya ev tapşırıqlarında istifadə etdiyi alət kimi deyil, təhsil prosesinin idarə olunmasına, tədrisə, qiymətləndirməyə və müəllimlərə dəstək sisteminə inteqrasiya etməkdir”, - nazir müavini deyib. Onun sözlərinə görə, Azərbaycanda artıq şagirdlər və müəllimlər üçün süni intellekt əsaslı repetitorlar tətbiq olunur. Nazir müavini, həmçinin 2022-ci ildə təsdiqlənmiş strategiyada Azərbaycanın ən nüfuzlu qlobal reytinqlərin ilk 800-lüyündə ən azı üç universitetlə təmsil olunması hədəfinə müəyyən edilmiş müddətdən əvvəl nail olduğunu bildirib. O qeyd edib ki, xaricdə təhsil üzrə dövlət proqramı hər il 500 tələbənin dünyanın aparıcı 150–200 universitetində təhsil almasına imkan verir.
“Hər il bu 500 nəfərin təxminən üçdə biri dünyanın ilk onluğunda yer alan universitetlərə qəbul olunur. Onlar geri qayıtdıqdan sonra Azərbaycanda ən azı beş il işləməlidirlər. Düşünürük ki, bu, qısa müddətdə əmək bazarına böyük təsir göstərəcək”. Gülnar Nazimqızı
Mənbə: anews.az