İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağına endirilən iki zərbə nəticəsində HƏMAS-ın “Nuxba” xüsusi təyinatlı bölməsinin taqım komandirinin və təşkilatın hərbi qanadının digər üzvünün öldürüldüyünü bildirib.Bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat bölgəsinə endirilən zərbə nəticəsində “Nuxba” bölməsinin taqım komandiri İbrahim Fauzi İsmayıl Möhsən, Xan-Yunis bölgəsinə endirilən digər zərbə nəticəsində isə HƏMAS-ın hərbi qanadının üzvü Məhəmməd Kamel Süleyman Möhsən öldürülüb.
IDF zərbələrdən əvvəl mülki əhali arasında itkilərin qarşısının alınması və mümkün zərərin azaldılması üçün tədbirlər görüldüyünü bildirib.
Bundan əlavə, İsrail ordusu Livanın cənubundakı Secud bölgəsində HƏMAS-ın müttəfiqi “Hizbullah”a məxsus silah anbarına zərbə endirdiyini açıqlayıb. Ordu silah anbarında hərbçilər üçün təhlükə yaradan silahların aşkar edildiyini bildirib.
İsrail ordusunun açıqlaması müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Mənbə: anews.az