Image

Əmək bazarına hazırlıq indeksi ilin sonunadək 10 universitetdə tətbiq olunacaq - agentlik sədri

Tələbələrin əmək bazarına hazırlıq səviyyəsini ölçən yeni indeks hazırda Azərbaycanın yeddi universitetində tətbiq edilir, ilin sonunadək isə layihənin əhatə dairəsinin 10 ali təhsil müəssisəsinə çatdırılması planlaşdırılır. Bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov bildirib. Onun sözlərinə görə, “Əmək bazarına hazırlıq indeksi” işəgötürənlərin insan resursları üzrə nümayəndələri ilə aparılmış müzakirələr əsasında hazırlanıb və universitetlərin ikinci kurs tələbələrini əhatə edir. “İndeks yeddi əsas meyardan ibarətdir və bunlardan yalnız biri akademik nəticələrlə bağlıdır. Digər meyarlar yumşaq bacarıqlar, rəqəmsal savadlılıq, şəbəkələşmə, beynəlxalq kurslar, xarici dil bilikləri, təlimlər, təcrübə proqramları və iş təcrübəsini əhatə edir”, - Abbasov deyib. O bildirib ki, layihə tələbələrin əmək bazarına hazırlığındakı boşluqları erkən mərhələdə müəyyən etməyə imkan verir. “İkinci kurs tələbələrindən başlamağımızın səbəbi onların qarşısında bu boşluqları aradan qaldırmaq üçün hələ iki ilin olmasıdır. Tələbə və universitetlərin karyera mərkəzlərinə yekun hesabat təqdim edirik. Həmin hesabatda tələbənin hansı istiqamətlərdə inkişaf etməli olduğu göstərilir”. Abbasovun sözlərinə görə, indeks pilot mərhələdə işəgötürənlərin insan resursları strukturları ilə də sınaqdan keçirilib. “İşəgötürənlər bildirdilər ki, layihə artıq pilot mərhələdən onların işini ən azı 27% asanlaşdırır”, - o deyib. Agentlik rəhbəri bildirib ki, indeks iki əsas məqsədə xidmət edir: tələbələri akademik göstəricilərlə yanaşı, işəgötürənlərin tələb etdiyi digər bacarıqları da inkişaf etdirməyə təşviq etmək və universitetlərin karyera mərkəzlərinə tələbələrin əmək bazarına hazırlanması üçün yol xəritəsi təqdim etmək. “Əvvəlki yanaşma universitet, məzuniyyət və məşğulluq ardıcıllığına əsaslanırdı. İndi isə proses işəgötürənin tələbi və əmək bazarının gözləntiləri ilə başlamalı, universitet təhsili və hazırlığı buna uyğun qurulmalıdır”, - Abbasov bildirib. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti