Peskov Paşinyana cavab verib
Ermənistan KTMT-yə ehtiyac duymadığı qənaətində olduğu halda təşkilatdan çıxmaq üçün müvafiq qərar qəbul edə bilər. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Parlamentdə çıxışında deyib ki, Ermənistan qarşıdakı 5 ildə KTMT-ya qoşulmayacaq.
“Əgər Yerevanın milli maraqlarına əsaslanaraq belə vacib regional təhlükəsizlik təşkilatına üzvlüyə ehtiyacı yoxdursa, o zaman müvafiq qərarı vermək və bu təşkilatdan çıxmaqda sərbəstdir”, - Peskov bildirib.
O, Paşinyanın təşkilatdan çıxarılacağı təqdirdə sevinəcəyini bildirməsini də şərh edib.
“Çıxarılırsa, məmnun olmağın nə demək olduğunu anlamaqda çətinlik çəkirəm”, - Peskov deyib.
Ermənistan 2024-cü ildə KTMT-də iştirakını dondurub. Rusiya daha əvvəl Ermənistanın təşkilatın fəaliyyətində iştirakının bərpa olunacağına ümid etdiyini bildirib.
Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev isə Ermənistanın təşkilatın orqanlarında səsvermə hüququndan məhrum edilməsi məsələsinin konsensus tələb etdiyini deyib. Onun sözlərinə görə, KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclası noyabrın 11-də Moskvada keçiriləcək və məsələ liderlər tərəfindən müzakirə oluna bilər.
Gülnar
Mənbə: anews.az