Image

ABŞ 200 minə qədər sığınacaq müraciətçisinin vizasını ləğv etməyə hazırlaşır

ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkədə sığınacaq üçün müraciət etmiş və ya hazırda bu prosesdə olan 200 minə qədər əcnəbinin B1 və B2 kateqoriyalı işgüzar və turist vizalarını ləğv etməyə hazırlaşır. Bu barədə Associated Press məlumat yayıb. 

2016-2026-cı illər arasında verilmiş və sonradan sığınacaq müraciəti ilə əlaqələndirilən vizaların ləğvi yaxın həftələrdə elan edilə bilər. Qərarın ABŞ Daxili Təhlükəsizlik Departamenti ilə koordinasiya ediləcəyi bildirilir.

Dövlət Departamentinin sözçüsü Tommi Piqot bildirib ki, ABŞ-a qısamüddətli səfər məqsədi ilə daxil olduğunu bəyan etdikdən sonra daimi yaşayış üçün sığınacaq istəyən şəxslərin qeyri-immiqrasiya vizalarının müəyyənləşdirilməsi və ləğvi istiqamətində Daxili Təhlükəsizlik Departamenti ilə birgə tədbirlər görülür.

Piqot ləğv ediləcək vizaların dəqiq sayını açıqlamayıb. Onun sözlərinə görə, proses davam etdiyi üçün bu rəqəm dəyişə bilər və viza ləğvləri daimi xarakter daşıyacaq.

Rəsmilər bildiriblər ki, vizanın ləğvi həmin şəxslərin avtomatik olaraq dərhal deportasiya ediləcəyi anlamına gəlmir. Hazırda sığınacaq prosedurunda olan şəxslərin əksəriyyətinin başqa hüquqi statusa keçirilməsi gözlənilir.

Bununla belə, işgüzar və turist səfərləri üçün nəzərdə tutulan vizalarını itirən şəxslər ABŞ-a bu əsasla səfər etmək hüququnu itirəcəklər.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb