Robert Köçəryan həbs olunub - Yenilənib
Ermənistanın ikinci prezidenti Robert Köçəryan və onun böyük oğlu Sedrak Köçəryan həbs edilib. Bu barədə məlumatı Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi təsdiqləyib.
Köçəryanın həbsindən əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları səhər saatlarında onun oğlu, Milli Məclisin deputatı Levon Köçəryanın evində əməliyyat keçirib. Robert Köçəryan isə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.
Cinayət işi çərçivəsində Köçəryan ailəsinin pay sahibi olduğu şirkətlərdə də istintaq tədbirləri həyata keçirilir. Cinayət Axtarışı İdarəsinin məlumatına görə, “Orange Fitness Club” və “Play City” əyləncə mərkəzində, həmçinin şirkət rəhbərlərinin mənzillərində axtarış və digər prosessual tədbirlər aparılır.
Bundan başqa, vergi orqanlarının Yerevandakı “Toyota” şirkətinin ofisini möhürlədiyi, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin əməkdaşlarının isə “Orange Fitness”də olduğu bildirilir.
Robert Köçəryanın həbsi Ermənistan hakimiyyəti ilə ölkənin keçmiş rəhbərləri arasında münasibətlərin yenidən gərginləşdiyi bir vaxtda baş verib. Ermənistanın Baş naziri Nikol Paşinyan bir gün əvvəl hüquq-mühafizə orqanlarına Robert Köçəryan və üçüncü prezident Serj Sarkisyanın əmlaklarının müsadirə edilməsi ilə bağlı tapşırıq verdiyini açıqlayıb.
Köçəryan 1998-2008-ci illərdə Ermənistan prezidenti olub. O, hazırda müxalif “Ermənistan” blokunun lideridir.
09:20
Ermənistanın ikinci prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Bu barədə Ermənistan mətbuatı məlumatı yayıb.
Köçəryan səhər saatlarında istintaq orqanlarının əməkdaşları tərəfindən komitəyə gətirilib. Məlumatı onun ofisinin rəhbəri Baqrat Mikoyan da təsdiqləyib.
Köçəryanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılmasının konkret səbəbləri və ona qarşı hansı prosessual tədbirin görüldüyü hələ açıqlanmayıb.
Komitə bildirib ki, korrupsiya ilə əlaqəli cinayətlərlə bağlı aparılan cinayət işləri çərçivəsində ölkə üzrə bir neçə onlarla ünvanda axtarışlar və digər istintaq-prosessual tədbirlər həyata keçirilir.
Bu gün hüquq-mühafizə orqanlarının Robert Köçəryanın oğlu Levon Köçəryanın mənzilində də axtarış apardığı barədə məlumat yayılıb. Köçəryan hazırda müxalif “Ermənistan” blokuna rəhbərlik edir.
Köçəryanla bağlı son aylarda korrupsiya və çirkli pulların yuyulması iddiaları üzrə hüquqi proseslər də gündəmdə olub. Ermənistan Mərkəzi Seçki Komissiyası iyunda onun cinayət təqibinə razılıq verib. Köçəryanın vəkili ittihamları siyasi motivli hesab etdiyini bildirib.
Gülnar Nazimqızı
Mənbə: anews.az