Image

Azərbaycana gələn ərəb turistlərin sayı 33%-ə yaxın azalıb

2026-cı ilin yanvar-iyulunda Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 342,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

Ölkəyə gələnlərin ən böyük hissəsini Rusiya və Türkiyə vətəndaşları təşkil edib. Ümumi turist və digər xarici ziyarətçilərin 28,3%-i Rusiyadan, 20%-i Türkiyədən, 7,9%-i İrandan, 4,7%-i Gürcüstandan, 4,6%-i Qazaxıstandan gəlib.

Özbəkistan və Pakistan vətəndaşlarının hər biri gələnlərin 3,2%-ni, İsrail 3,1%-ni, Hindistan 2,6%-ni, Çin 2,5%-ni, Səudiyyə Ərəbistanı 2,3%-ni təşkil edib.

Digər ölkələrdən gələnlərin payı 12,6% olub.

 Avropa İttifaqı ölkələrindən Azərbaycana gələnlərin sayı illik müqayisədə 8% artaraq 65,9 minə, MDB ölkələrindən gələnlərin sayı isə 1,6% artaraq 531,3 minə çatıb.

Körfəz ölkələrindən gələnlərin sayı 32,8% azalaraq 159,5 min, digər ölkələrdən gələnlərin sayı isə 10,8% azalaraq 585,9 min olub.

Azərbaycana gələnlərin 67,4%-ni kişilər, 32,6%-ni qadınlar təşkil edib.

Xarici vətəndaşların 72,4%-i hava, 26,2%-i dəmir yolu və avtomobil, 1,4%-i isə dəniz nəqliyyatından istifadə edib.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb