Ceyhun Bayramov Malayziyanın yeni səfirini qəbul edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın Azərbaycana yeni təyin olunmuş səfiri Aznifah İsnariah Binti Abdul Ghanini qəbul edib.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüşdə səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edərək, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər Azərbaycan-Malayziya münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivlərini, həmçinin çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüşdə iqtisadi-ticarət, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın tranzit-logistika imkanları və enerji təhlükəsizliyində rolu barədə fikir mübadiləsi aparılıb.
Nazir BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı və D-8 çərçivəsində iki ölkənin qarşılıqlı dəstəyinin əhəmiyyətini vurğulayıb.
Tərəflər, həmçinin bu il Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə hazırlıq məsələlərini müzakirə ediblər. Azərbaycanın 2027-ci ildə İƏT Zirvə Görüşünə ev sahibliyi edəcəyi qeyd olunub.
Ceyhun Bayramov bölgədəki vəziyyət, postmünaqişə dövründə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə səfirə məlumat verib.
Aznifah İsnariah Binti Abdul Ghani isə göstərilən qəbula görə təşəkkür edib və Azərbaycan-Malayziya münasibətlərinin, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı üçün səylər göstərəcəyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Mənbə: anews.az