Image

ABŞ Kanada mallarına 50%-lik tarif siyahısını genişləndirib

 

ABŞ Prezidenti Donald Tramp Kanada mallarına tətbiq edilən 50%-lik əlavə tariflərin əhatə dairəsini genişləndirib. Yeni siyahıya pendir, tikinti materialları, mebel, avtomobillər, işıqlandırma avadanlıqları və digər məhsullar daxil edilib.

Müvafiq dəyişiklik Trampın sərəncamında əksini tapıb. Sərəncama əsasən, əvvəlki məhsul siyahısı yenilənərək yeni və daha geniş siyahı ilə əvəz olunub.

ABŞ-ın bu addımı Kanada tərəfindən ABŞ-dan idxal olunan təxminən 20 milyard dollar dəyərində məhsula cavab tariflərinin tətbiq edilməsindən sonra atılıb. Kanada bu tədbirləri ABŞ-ın əvvəlki tariflərinə cavab olaraq sentyabrın 8-dən qüvvəyə mindirib.

ABŞ administrasiyası tariflərin tətbiqini Kanada ilə ticarət danışıqlarında irəliləyiş əldə olunmaması və Ottavanın ABŞ məhsullarına qarşı tədbirləri ilə əlaqələndirib.

Tramp sərəncamında bildirib ki, administrasiya rəsmilərinin təqdim etdiyi məlumat və tövsiyələri nəzərə alaraq, ictimai maraqların əlavə ad valorem tariflərinə məruz qalan məhsulların siyahısında dəyişiklik edilməsini tələb etdiyini hesab edir.

ABŞ və Kanada arasında ticarət qarşıdurması son aylarda tariflərin qarşılıqlı artırılması fonunda kəskinləşib. ABŞ daha əvvəl Kanadanın bir sıra məhsullarına 50%-lik tariflər tətbiq edib, Kanada isə buna cavab tədbirləri görüb.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti