Image

Azərbaycan ilə Dünya Bankı arasında strateji tərəfdaşlıq müzakirə olunub

Azərbaycanın maliyyə naziri Sahil Babayev sentyabrın 9-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays və bankın Azərbaycan üzrə yeni ölkə meneceri Saşa Bakesin daxil olduğu nümayəndə heyəti ilə görüşüb.Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər birgə həyata keçirilən layihələri, dövlət maliyyəsinin idarə edilməsi sahəsində islahatları və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

S.Babayev Dünya Bankının Azərbaycanın inkişaf prioritetləri və islahat gündəliyinə dəstəyini yüksək qiymətləndirib. O bildirib ki, uzunmüddətli tərəfdaşlıq ölkənin sosial-iqtisadi inkişafına və institusional potensialının gücləndirilməsinə töhfə verir.

Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlıq infrastruktur, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, məşğulluq və institusional islahatlar da daxil olmaqla müxtəlif sahələri əhatə edir.

Nazirliyin məlumatına görə, Azərbaycanın Dünya Bankına üzv olduğu vaxtdan tərəfdaşlıq çərçivəsində 53 layihəyə ümumilikdə təxminən 4,9 milyard ABŞ dolları məbləğində maliyyə vəsaiti ayrılıb.

S.Babayev Azərbaycanın beynəlxalq inkişaf gündəliyində rolunun artdığını qeyd edib. O bildirib ki, Azərbaycan yuxarı orta gəlirli ölkə statusu əldə etdikdən sonra beynəlxalq inkişaf təşəbbüslərinə donor kimi dəstəyini artırıb.

R.Prays isə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli tərəfdaşlığın əhəmiyyətini vurğulayıb və ölkənin sosial-iqtisadi inkişafı, eləcə də həyata keçirdiyi islahatları yüksək qiymətləndirib.

O, Dünya Bankının Azərbaycanın inkişaf və islahat gündəliyinə dəstəyini davam etdirəcəyini və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə S.Babayev Saşa Bakesi Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Tərəflər qarşılıqlı maraq doğuran iqtisadi və maliyyə məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Mənbə: anews.az

Xəbər lenti

Şəmkirdə avtomobil yanıb