Nazir - son 15 ildə 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardımından faydalanıb
Son 15 il ərzində 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardımından faydalanıb. Bunu xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfransda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, 2000-ci illərdən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli iqtisadi inkişafı beynəlxalq yardım siyasətinin sistemli şəkildə həyata keçirilməsi üçün iqtisadi və institusional əsaslar yaradıb. Bu proses Azərbaycanı yardım alan ölkədən donor ölkəyə çevirib.
“Son 15 il ərzində 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardımından faydalanıb. Onların sırasında Afrikanın bütün 54 dövləti, Qoşulmama Hərəkatına üzv 121 ölkədən 111-i, İslam Əməkdaşlıq Təşkilatına üzv 57 dövlətdən 52-si, ən az inkişaf etmiş 44 ölkədən 43-ü və inkişaf etməkdə olan 39 kiçik ada dövlətindən 28-i yer alır”, - Bayramov bildirib.
O qeyd edib ki, 2020-ci ildən etibarən ikitərəfli və çoxtərəfli yardım mexanizmləri çərçivəsində təxminən 400 milyon ABŞ dolları vəsait ayrılıb.
Bayramovun sözlərinə görə, Azərbaycanın beynəlxalq yardım fəaliyyəti müxtəlif sahələri əhatə edib. COVID-19 pandemiyası dövründə Azərbaycan 88 ölkəyə yardım göstərib. Afrikada əməkdaşlıq çərçivəsində Ebola epidemiyasına qarşı mübarizəyə dəstək verilib, həmçinin qarşısı alına bilən korluqla mübarizə təşəbbüsü həyata keçirilib.
Nazir bildirib ki, bu təşəbbüs çərçivəsində 900 mindən çox insan göz müayinəsindən keçirilib, 150 mindən çox katarakta əməliyyatı aparılıb. Bununla yanaşı, yerli tibb mütəxəssislərinin peşəkar potensialının gücləndirilməsi istiqamətində də tədbirlər görülüb.
Azərbaycanın beynəlxalq yardım siyasətinin institusional əsaslarından biri 2011-ci ildə yaradılan Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyidir (AIDA). Agentlik humanitar və inkişaf layihələri vasitəsilə müxtəlif ölkələrə dəstək göstərir.
Aytac Zeynalova
Mənbə: anews.az