Nepalda təbii fəlakətin vurduğu ziyanın həcmi açıqlanıb
Nepalda avqustun 26-da baş verən dağıdıcı daşqınların fəsadlarının aradan qaldırılması və ölkənin bərpası üçün təxminən 4,74 milyard ABŞ dolları tələb olunacağı bildirilir.
“The Kathmandu Post” qəzeti bu barədə hökumətin ziyanın miqyası ilə bağlı hazırladığı hesabata istinadən məlumat yayıb.
Hesabata əsasən, bərpa xərclərinin ən böyük hissəsi – təxminən 3,1 milyard dollar infrastrukturun payına düşür. Bunun 2,56 milyard dollardan çoxunun elektrik şəbəkələrinin və zərər görmüş 13 su elektrik stansiyasının bərpasına, 481 milyon dollardan çoxunun isə dağılan körpü və yolların təmiri və yenidən qurulmasına yönəldilməsi nəzərdə tutulur.
Qiymətləndirmə nazirliklər, dövlət qurumları və yerli özünüidarəetmə orqanlarının təqdim etdiyi məlumatlar əsasında aparılıb.
Hökumət bunun ilkin qiymətləndirmə olduğunu və dəymiş ziyanın dəqiq müəyyənləşdirilməsi üçün daşqından əvvəlki və sonrakı məlumatların müqayisəsinə ehtiyac olduğunu bildirib. Mütəxəssislər ziyanın ayrı-ayrı sektorlar üzrə qiymətləndirilməsi üçün dronlardan da istifadə ediblər.
Daşqın avqustun 26-da Nepalın şimalında baş verib. Fəlakətə qar və buzlaq kütləsinin çökməsi nəticəsində yaranan nəhəng qaya-palçıq axınının səbəb olduğu bildirilir. Axın çay yatağı boyunca 70 kilometrdən çox məsafə qət edərək geniş ərazilərdə dağıntılara səbəb olub.
Son məlumatlara görə, fəlakət nəticəsində 1 380-dən çox insan ölüb, 5 500-dən çox şəxs isə itkin düşmüş hesab olunur.
Mənbə: anews.az