Dövlət qulluğu sertifikatının müddəti iki ilə endirilir
Azərbaycanda dövlət qulluğu sertifikatının qüvvədəolma müddətinin beş ildən iki ilə endirilməsi təklif olunur.
Dəyişiklik Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsində nəzərdə tutulub.
Layihəyə əsasən, səlahiyyətli dövlət qurumu rübdə ən azı bir dəfə dövlət qulluğuna qəbul üzrə test imtahanı təşkil edəcək. İmtahanda iştirak haqqını da həmin qurum müəyyənləşdirəcək.
Dövlət qulluğu müsabiqəsində ilk dəfə iştirak edən şəxslərin imtahan haqqı dövlət büdcəsindən ödəniləcək. Bu güzəşt Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinin üzvlərinə də şamil olunacaq.
Qüvvədə olan sertifikata malik şəxs sertifikatın qüvvədə olduğu hər il ərzində beş vəzifə üzrə müsahibə mərhələsinə ödənişsiz qeydiyyatdan keçə biləcək. Beşdən artıq vəzifə üçün qeydiyyat isə ödənişli olacaq. Ödənişin məbləğini səlahiyyətli dövlət qurumu müəyyən edəcək.
Mənbə: anews.az